Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncədə Xocalı faciəsi qurbanlarının 28-ci ildönümünə həsr edilən ümumşəhər tədbiri keçirilib

26.02.2020

Xocalı sakinlərinin məskunlaşdığı “Yeni qəsəbə-2”də ümumşəhər tədbiri “Xocalı” abidəsinin önündə keçirilib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ziyalılar, gənclər və Gəncədə məskunlaşan Xocalı rayon sakinləri iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri Xocalı abidəsinin önünə gül dəstələri qoyublar.
Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin ruhuna dualar oxunub, Allahdan rəhmət dilənib.
Gəncə Dövlət Dram Teatrının aktyorları tərəfindən ədəbi-bədii kompazisiya nümayiş etdirilib.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb.
Bu qanlı faciəyə ilk dəfə ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycana yenidən rəhbərliyə qayıtdıqdan sonra hüquqi-siyasi qiymət verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır.

 

265.4 KB

 

247.3 KB

 

387.2 KB