Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi

Xəbərlər
Xəbərlər

Gəncənin Hacıkənd qəsəbəsində inşa olunan otelin tikintisində son tamamlama işləri görülür

14.08.2017

Səfalı təbiəti və əlverişli turizm imkanları ilə seçilən Gəncənin Hacıkənd qəsəbəsində inşa olunan “Arfa” otelinin tikintisində son tamamlama işləri görülür. Hazırda otelin yerləşdiyi ərazidə və interyerində təmir işləri aparılır.

Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, yeddi mərtəbədən ibarət otelin tikintisində Gəncənin yerli memarlıq ənənələrinə uyğun olaraq qırmızı bişmiş kərpicdən istifadə olunub. Otelin pəncərə və girişləri isə Şərq memarlıq üslubunda, çatmatağ şəklində inşa edilib. Binanın ilk mərtəbəsindən avtomobil dayanacağı kimi istifadə olunacaq. Digər mərtəbələrdə isə oteldə qalacaq qonaqların istirahəti üçün müxtəlif xidmət sahələri və istirahət otaqları yaradılacaq. Beşulduzlu otellərin tələbinə uyğun olaraq tikilən kompleksdə turistlərin və qonaqların rahat istirahəti üçün bütün şərtlər nəzərə alınacaq.

Yaxın günlərdə isə Hacıkənd qəsəbəsində ikinci otel kompleksinin əsası qoyulacaq.

Qeyd edək ki, şəhərin 19 kilometrliyində yerləşən, səfalı təbiəti, saf bulaqları, zəngin meşələri ilə bütün Qafqazda şöhrət qazanmış Hacıkənd gəncəlilərin əsas yaylaq yerlərindəndir. Həmçinin Göygöl-Hacıkənd bölgəsinin səfalı təbiətinə bələd olanlar bu yerlərə böyük həvəslə gəlirlər. Yay aylarında Hacıkənddə yerli və xarici qonaqların, eləcə də turistlərin sıxlığı müşahidə olunur. Məhz Hacıkənd və ətraf ərazilərin turizm potensialı nəzərə alınaraq, burada ikinci otel kompleksinin və ayrı-ayrı xidmət sahələrinin yaradılması nəzərdə tutulub.