Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bakıda 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisinin açılışı keçirildi

05.04.2018

Aprelin 5-də Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi (“AITF 2018”) qapılarını ziyarətçilərinin üzünə açıb. Builki sərgi “Bütün dünya – bir sərgi” şüarı altında keçirilir.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İteca Caspian” və onun tərəfdaşı “İTE Group plc” şirkətlərinin (Böyük Britaniya) təşkilatçılığı ilə gerçəkləşən ənənəvi sərgi Xəzəryanı regionda turizm sənayesinin ən böyük tədbiri sayılır. AITF Dünya Turizm Təşkilatı və Asiya-Sakit Okean Turizm Assosiasiyası tərəfindən də dəstəklənir. “AITF 2018” sərgisinin tərəfdaş ölkəsi hər il mütəmadi olaraq öz milli stendi ilə çıxış edən Bolqarıstandır.

Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev AITF sərgisinin 17 ildir turizm sənayesi üzrə beynəlxalq görüş platformasına çevrildiyini dedi. Qeyd olundu ki, Azərbaycan turizminin dünya ölkələrində daha geniş tanıdılması üçün böyük təbliğat işləri görülür. Ölkəmizdə turizm sənayesi hər il yüksələn xətlə inkişaf edir.

Tədbirdə çıxış edən BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili bildirdi ki, 2017-ci il Azərbaycan turizm sektorunun inkişafı üçün çox gözəl il oldu: "Keçənilki artıma görə Azərbaycan hökumətini təbrik edirəm. Mən görürəm ki, bu sərgidə iştirak edən ölkələrin sayının artması Azərbaycana olan marağı daha bariz ifadə edir.

Bolqarıstanın turizm nazirinin müavini İrena Georgiyeva çıxış edərək ölkəsinin Qafqazın ən böyük sərgisi sayılan “AITF”-in tərəfdaşı olmağından məmnunluğunu dilə gətirdi: “Sərgi çərçivəsində reallaşacaq görüşlər iştirakçı dövlətlər arasında turizm sahəsində əlaqələrə təsir göstərəcək. Əməkdaşlığımızın nəticəsi olaraq bu ilin yanvarında Bakı-Sofiya aviareysi açılıb. Bu da öz növbəsində ikitərəfli turizm axınlarına müsbət təsirini göstərməkdədir. Ötən il Azərbaycandan Bolqarıstana səfər edən turistlərin sayı 3300, ölkəmizdən Azərbaycana səfər edən turistlərin sayı isə 2100 nəfər olub.

Sərgidə 20 ölkədən 277 şirkət iştirak edir.

Bu il sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və hotel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim edilir. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alır. Bu il həmçinin Şərqi Yava (İndoneziya) sərgidə debüt edir.

Sərgidə “Tibbi və sağlamlıq turizmi” sektoru geniş təqdim olunur. Bu il tibbi turizm seqmentində Çexiya, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 40-dan çox tibb mərkəzi, klinika, sağlamlıq ocağı və sanatoriyalar iştirak edir.

Qonaqlar daha sonra sərgi ilə tanış oldular. Hər zaman olduğu kimi, bu il də paytaxt və bölgələrin turizm potensialı sərgidə geniş şəkildə təqdim olunur. “Ulduz Turizm”, “Pasha Travel” və s. turoperatorlar, eləcə də “Absheron Hotels Group”, “Gilan Hospitality” və digər hotellər şəbəkəsi öz xidmətlərini təqdim edir.

 

24.6 KB

 

23 KB

 

25 KB