Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi

Region haqqında
Tarix

Kəlbəcər

İnsanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır.Bu dövrün isə 4 milyon ildən artıq tarixə malik olması elmi əsaslarla sübuta yetirilmişdir. Azərbaycanda Azıx, Tağlar (Qarabağda), Zar (Kəlbəcərdə), Qazma (Naxçıvanda), Daşsalahlı və Aveydağ (Qazaxda) Mağara düşərgələri, Qədir dərə, Çaxmaqlı, Kəkilli (Qazaxda) kimi açıq düşərgələrdə aparılan arxeoloji tədqiqatlarda sübut olunmuşdur ki,ibtidai insan sürü icmasının ilk əmək alətləri (daşdan) meydana gəlib.
Eramızdan əvvəl IV minilliyin sonu-III minillik Tunc dövrü və ya Kür-Araz mədəniyyəti adlanır. Bu mədəniyyətin əsas təşəkkül və yayılma sahəsi Kür-Araz ovalığıdır. Bu dövrdə əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük rol oynamış və dağlıq ərazilərdə də yaşayışa ehtiyac yaranmışdır. Yeni heyvan növlərinin əhlilləşdirilməsi, xüsusilə də təsərrüfatda atdan istifadə olunması böyük əhəmiyyət kəsb edir.
Kür-araz mədəniyyətinin son inkişaf mərhələsində artıq Azərbaycanın bütün dağlıq zonalarında (Xoşbulaq kurqanları və Xoləzək (Kəlbəcər), İstisu yaylaqlarında yaşayış məskənləri) məskunlaşma başa çatmışdır.
Orta tunc dövrü Azərbaycanda qədim incəsənətin çiçəklənmə mərhələsidir. Saxsı qablar üzərində çəkilmiş naxışlar bunu bir daha təsdiqləyir. Qobustan (Böyükdaş,Yazılıtəpə), Gəlinqaya və Kəlbəcərin digər ərazilərində (Qoçdaşda) qayaüstü rəsmlərdə heyvanat aləmi, məişət və ov səhnələri, əyləncə və Magiya (şamanlıq) təsvir olunmuşdur.
Kəlbəcər də qədim insan məskənlərindən biri olmuşdur. Burada ilk məskən salan albanların izləri də, onun qayaüstü təsvirlərində və küp qəbirlərində son illərə kimi, ermənilər bu müqəddəs yerləri tapdaq altına alana qədər, qalmaqda idi.
Kəlbəcər antik dövrün abidəsi kimi də maraqlı ərazidir. Rayonun «Qaragöl» və «Zalxa gölləri» sahillərində, «Ayıçınqıllı» və «Pəriçınqıllı» dağlarında qayalarda həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlanılmışdır.
1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilmişdir.Burada diametri təqribən 20 metr olan dairəvi tikili qalığı üzə çıxarılmışdır. Mürəkkəb quruluşlu bu tikilinin divarları (qalınlığı 2 metrə qədər) qaya parçalarından və çay daşlarından hörüldüyü bir daha bizə əsas verir deyək ki, bura ilk insan məskəni olmuşdur. Çünki o cür nəhəng qaya parçalarını sonrakı nəsil çətin ki yerindən tərpədə bilsin.
Həmin yaşayış yerlərində o dövrə aid, yəni b.e.ə. III minilliyə dair gil qab qırıqları, dən daşları, dəvəgözü və çaxmaqdaşından hazırlanmış bıçaqlar, ox ucluqları və s. də tapılmışdır. Burada aşkar edilmiş qaya təsvirləri ilə bir dövrdə (Tunc dövrü) yaşayış yerli tayfaların iqtisadi, sosial və mədəni həyatı haqqında təsəvvür yaranır.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilmiş,bütün bunlar barəsində mətbuatda geniş yazılar dərc olunmuşdur. Ərazi demək olar ki, qəbirüstü at, qoç, sandıq fiqurları ilə, daş üzərinə həkk olunmuş yazı və rəsmlərlə doludur. Daş abidələr Şimali Azərbaycanda atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılmışdır. Atəşpərpstlik dövründə yaranmış bir daş abidə diqqəti daha çox cəlb edir: rəsmdə solda yuxarıda Günəş parlayır. Bir nəfər atı yedəkləyib Günəşə doğru çəkir, bir nəfər isə əlində qılınc atın arxası ilə addımlayır.Günəşə qurban aparırlar. Bu rəsmə baxdıqda «tarixin atası» Herodotun yazdıqlarını xatırlayırsan. (b.e.ə.490-480-cı illər): «Onların sitayiş etdikləri yeganə Allah Günəşdir. Günəşə onlar atları qurban verirdilər. Onlar bu cür qurbanvermənin mənasını bunda görürdülər ki, ən sürətli Allaha dünyada mövcud olan ən sürətli canlını qurban vermək lazımdır».
Rayonda «Türk qəbristanlığı» adı ilə tanınan bir neçə qədim məzarlıq var.Bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar və b. kəndlərin ərazisidir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış forma və ölçü ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
Kəlbəcərdəki oronomik toponimlərin hamısı türkmənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır. Bunlardan 20-dək kəndi əhatə edən Ayrım dərəsini, 10-dək kəndi əhatə edən Qılınclılar, 6-7 kəndi əhatə edən Alxaslı, 4 kəndi əhatə edən Qaraçanlı bölgələrini, eləcə də tayfa adı daşıyan Çıraq (Türkeşkənd), Qanlıkənd, Əsrik, Çovdar, Çorman, Təkəqaya, Barmaq, Çəpli, Zar, Zivel, Yanşaq, Söyüdlər (biz Seyidlərdeyirik) və bir sıra yaşayış məntəqələrini, Çiçəkli, Söyüdlü, Abdal, Qaraxanlı, Bağırxan, Taxta və b.yaylaqları,Qaramanlı, Xəndək, Güzdək, Tələlər, Aluluq, Quturlu (Qoturlu kimi işlədirik), Tərtər, Dəlidağ, Keyti, Tamaşa, Qoçdaş, Dikyurd, Yellicə, Aydoğan, Qoşqar və s. dağ, dərə, əkin-biçənək adlarını - türkmənşəli toponimləri göstərmək olar.
Ağdaban kəndinin qədim alban tayfasının adını daşıdığı güman edilir. «Alban» adının Ağuan, Aluan, Ağvan, Andan kimi təhrif olunmuş adlarından birinin də Ağban olması istisna deyil.
XI əsrdən başlayaraq, bir sıra tarixi səbəblərdən, xarici təcavüzkarların basqınlarından oğuz türklərinin vaxtaşırı yerdəyişməsi baş vermişdir. Bu səbəbdən bir sıra tayfalar öz adlarını qonşu dövlətlərin ərazilərində də əbədiləşdirirmişlər.Buna görə də Kəlbəcərdəki toponimlərə ölkənin başqa rayonlarında, həmçinin qonşu dövlətlərin ərazisində də rast gəlinir.
Kəlbəcərlilərin ulu babalarının bağlı olduqları köklər və məskənlər barədə yazılı məlumata malikdirlər. Onlar əsillərinin əsas aran və dağ Qarabağla, Cənubi Azərbaycanla, Zəngəzurla, Dərələyəzlə, Qazax-Tovuzla və s. bağlı olduğunu söyləyirlər. Ən qədim kökləri isə Cənubi Azərbaycana gedib çıxır.