Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Region haqqında
Tarix

Naftalan

Rəvayətə görə Qərbdən Şərqə gedən ağır dəvə karvanı qədim Azərbaycan torpaqlarından keçirdi. Karvanın içərisində xəstə bir dəvə var idi. Karvan sahibi bu dəvəni sağaltmaq üçün nə etdisə də kar etmədi. Dəvə get-gedə zəifləyir və karvanı yolda ləngidirdi. İçərisində yağla dolu göllər olan bir ərazidən keçəndə karvan sahibi dəvəni açıb buraxdı və dedi:
"Bu heyvanın belə əziyyət çəkməsindənsə elə bu göllərin birində boğulub ölməsi yaxşıdır".
Karvandan açılan dəvə sahibinin sözlərini başa düşürmüş kimi özünün yaxındakı göllərin birinə saldı. Karvan isə ağır-ağır uzaqlaşırdı.
Aradan xeyli vaxt keçdi.. .
Dəvə karvanı geri qayıdırdı. Həmin göllər olan ərazidən keçəndə bir dəvə ilə rastlaşdılar. Karvan sahibi bu yerlərdə qoyub getdiyi xəstə, arıq dəvəni xatırladı. Amma bu dəvəv sap sağlam idi, dərisindən yağ damırdı. Dəvəni izləməyi qərara aldılar, gördülər ki, dəvə gündə bir neçə dəfə o yağlı göllərə girib çıxır və günün qabağına uzanır. Karvandakı tacirlər də göllərə yaxınlaşıb göldəki yağdan götürərək əl-ayaqlarındakı yaralara çəkdilər. Yaraların tezliklə sağaldığını görən tacirlər həmin yağdan qablara dodurub öz vətənlərinə daşımağa başladılar. Neftə bənzəyən bu yağa və göllər yerləşən bu əraziyə də "Naftalan" yəni "neft olan sahə, yer" adı verdilər.

Tarixi

"Naftalan" sözünün etimologiyası bu ərazidə çıxan neftlə əlaqədardır. Ehtimala görə, hələ qədimdən təbii şəkildə çıxan "Naftalan" neftinin müalicəvi əhəmiyyətini bilən xüsusi adamlar onu tuluqlara doldurub dəvə karvanı ilə müxtəlif yerlərə apararaq satırmışlar. Naftalan (neft alan) adının da elə buradan yarandığı ehtimal olunur. Müalicəvi naftalan məlhəmi haqqında ilk yazılı məlumatlar XII əsrə təsadüf edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvi (1141-1209) ''Xəmsə'' poemasında Səfikürd kəndindən karvanlarla Naftalan neftinin daşınmasınından söz açırdı. O, poemada qayğıkeş qadının ovda yaralanan ərinin yaralarını "dağ yağı" ilə müalicə etməsindən bəhs edirdi. XIII əsrdə Azərbaycanda olmuş məşhur səyyah Marko Polo da özünün ''Böyük Tatarıstan haqqında'' traktatında Naftalan neftini xatırlayır.
Naftalan neftinin sənaye üsulu ilə kəşfiyyatı, hasilatı və emalı tarixi XIX əsrə aid edilir. 1868-ci ildə Qafqaz Diyarının Dağlıq Hissəsinin İdarəçiliyi tərəfindən alman milliyətinə mənsub 8 nəfərə Naftalan yatağının yerləşdiyi ərazidə 80 desyatin torpaq sahəsi ayrılır. Həmin almanlar arasında xüsusi fəallığı ilə seçilən dağ mühəndisi Y.İ.Yeger hasil etdiyi neftin tərkibində benzin fraksiyalarının olmadığını (bu neft yanmırdı) görərək, əvvəlcə məyus olsa da, sonradan naftalanın müalicəvi xüsusiyyətlərindən xəbər tutur və maz istehsalı üçün Naftalanda kiçik bir zavod qurur. Çox keçmədən Yeger bu sahədə böyük uğur qazanır. O, istehsal etdiyi ''Naftalan'' mazının nümunələrini dünyanın ən tanınmış həkimlərinə göndərir və Maqdeburqdan professor List bu məsələyə böyük diqqət yetirərək, bütün məhsulu Almaniya üçün topdan alır. Çox maraqlıdır ki, həmin dövrdə Yegerin mazı Rusiyada nəyə görə isə qadağan edildiyi üçün onu buraya Almaniyadan patentləşdirilmiş mal kimi çox baha qiymətə gətirirdilər. Həmçinin zavodda "Naftalan" və "Kojelon" adlı preparatlar hazırlanırdı. "Kojelan" yağı insan dərisini, dəridən düzəldilmiş əşyaları yumşaq saxlayır, habelə metal predmetləri paslanmaqdan qoruyurdu. Hazırlanan dərman preparatları isə Almaniyanın vasitəçiliyi ilə Yaponiyaya, Amerikaya, İngiltərəyə, Hollandiyaya və başqa ölkələrə satılırdı.
1896-cı ildə həkim F.Q.Rozenbaum Qafqaz Səhiyyə Cəmiyyətinin iclasında öz şəxsi təcrübəsi əsasında ''Qafqazda çıxarılan Naftalanın təsiri haqqında'' qısa məlumatla çıxış etmişdi.
Naftalan neftinin reklamı ilə əlaqədar məşhur alman dermotoloqu P.P. Unna 1903-cü ildə demişdir: "Kim Naftalana malikdirsə, onun hər şeyi var".
Həmçinin tarixi faktlardan məlumdur ki, 1904-1905-ci illərdə rus-yapon müharibəsi zamanı əsr düşən yapon əsgərlərinin təcili yardım çantalarında Naftalan mazı ilə dolu bankalar tapılmışdır. Həmin hazırlanmış mazdan onlar bədənlərindəki yaralara çəkir və nəticədə yarları daha tez sağaldırdı. Bu da onu göstərir ki, Naftalan neftinin dünyada analoqu yoxdur və o, unikal müalicəvi əhəmiyyətə malikdir. İkinci Dünya müharibəsi dövründə isə Azərbaycanın və Bakının evakuasiya hospitallarında Ş.M. Həsənovun təklif etdiyi ''Naftomastika'' preparatı güllə yaraları, travmatik artritlər, yanıqlar, donmalar zamanı istifadə edilmişdir.
1911-1912-ci illərdə başqa bir alman sahibkarı Kvel ''German-Naftalan'' adlı səhmdar cəmiyyəti yaratmış və Naftalan neftindən bir neçə preparat hazırlamağa başlamışdır. Həmin illərdə Almaniyada Naftalanla bağla iki səhmdar cəmiyyəti "Maqdenburq-Naftalan", Drezden-Naftalan fəaliyyət göstərirdi ki, onlar da Naftalan neftindən dərman preparatları hazırlayırdılar.
Naftalan şəhəri 1967-ci ilə kimi Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir. Lakin, 28 aprel 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin 48 nömrəli Qərarı ilə Naftalana Respublika tabeli şəhər statusu verilmişdir.