Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Naftalan

Naftalan şəhərinin iqtisadiyyatının əsasını sanatoriya-kurort xidməti təşkil edir. 
2013-cü ildə şəhərə müalicə və istirahətə gələn yerli və xarici qonaqların sayı əvvəlki illərlə müqayisədə artaraq 15 min nəfərə çatmışdır.

Ölkə iqtisadiyyatında davam etmiş yüksəliş Naftalanın da sosial-iqtisadi inkişafına müsbət təsir göstərmiş və şəhərdə bütün sahələr üzrə müsbət nəticələr əldə olunmuşdur.
Şəhərdə ümumi məhsul buraxılışı 2012-ci ilə nisbətən 1.8 dəfə artaraq 16877.7 min manat, sənaye istehsalı 23 faiz artaraq 1505.3 min manat olmuşdur. Tikinti-quraşdırma işlərinin həcmi 4 dəfə artaraq 8426.1 min manat təşkil etmişdir. İl ərzində əhaliyə 255.6 min manatlıq nəqliyyat, 151.8 min manatlıq rabitə xidmətləri göstərilmişdir. Əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi 16.3 faiz artaraq 11369.6 min manata çatmışdır. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 15115.2 min manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı isə 2012-ci illə müqayisədə 14 faiz artaraq 254 manat olmuşdur.
2013-cü ildə şəhərin büdcəsi subsidya ilə birlikdə 5200.57 min manat, xərcləri isə 5045.84 min manat olmuşdur. Yerli mənbələrdən gəlir üzrə daxil olma 2315 min manata qarşı 2358 min manat olmuşdur. Bunun da nəticəsində yerli gəlir və xərcləri tənzimləmək üçün Respublika büdcəsindən ayrılan subsidyaya qənaət olunmuş, 1230.1 min manat vəsait alınması planlaşdırıldığı halda 1050 min manat alınmışdır. Bütövlükdə yerli büdcənin illik icrasına 93.9 faiz əməl olunmuşdur. 
Naftalanda həyata keçirilən tədbirlər sosial sahələrdə də müsbət dəyişikliklərə səbəb olmuşdur. Dövlət başçısı tərəfindən imzalanmış "Sosial xidmətlər haqqında" qanunun tətbiqi ilə əlaqədar olaraq mühüm işlər görülmüş, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 117 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, 11 Çernobl əlilinə müalicə üçün 1093 manat məbləğində yardım verilmişdir. Bundan başqa mərkəzin sosial məişət xidmət sektoru tərəfindən 48 nəfər tənha ahıl və tənha əlil vətəndaşa sosial xidmət göstərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsi tərəfindən 65 nəfərə müvafiq kateqoriyalar üzrə pensiya təyinatı aparılmış, sığorta edənlərdən il ərzində faktiki daxilolma 1099.6 min manat təşkil etmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 61.4 min manat vəsait toplanmışdır. Şöbənin ümumi xərcləri 2724 min manat olmuşdur. Pensiya, müavinət və sosial yardımlar vaxtlı-vaxtında ödənilmiş, əhaliyə pensiya və müavinət ödənişi üzrə borc qalmamışdır. İşsizliyin də böyük sosial problem olduğunu nəzərə alaraq işsiz vətəndaşların işlə təmin olunması istiqamətində şəhər Məşğulluq Mərkəzi tərəfindən bir sıra işlər görülmüş, əmək yarmarkaları təşkil olunmuşdur. Mərkəzdə 231 nəfər işaxtaran qeydə alınmış, bundan 188 nəfəri işlə təmin edilmişdir, 3 nəfərə işsizlik statusu verilmişdir.
2013-cü ildə əhalinin etibarlı ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsinə səy göstərilmiş və əkinçilik sahəsində müsbət irəliləyişlər əldə olunmuşdur. Naftalan şəhərinin tərkibində olan 2 kənddə ümumilikdə ötən ildə 26 sentner buğda, 26 sentner arpa istehsal olunmuşdur. Həmçinin kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi ötən ildə də davam etdirilmiş, 158 nəfər kənd təsərrüfatı istehsalçısına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 12.328 min manat məbləğində yardım verilmişdir.
Eyni zamanda şəhərin ərazisində istehlak mallarının keyfiyyətinə nəzarət edilməsi məqsədilə Gigiyena və Epidemiologiya mərkəzinin mütəxəssisləri tərəfindən şəhərin pərakəndə ticarət, ictimai-iaşə obyektlərində mütəmadi olaraq yoxlamalar təşkil edilmiş, yoxlama zamanı markalanması normativ sənədlərin tələblərinə cavab verməyən, saxlanma müddəti ötmüş, mənşəyi məlum olmayan ümumilikdə 103.7 kq müxtəlif növ ərzaq məhsulu aşkarlanmış və satışdan çıxarılaraq məhv edilmişdir. Hər bir yoxlama qanunamüvafiq qaydada Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındıqdan sonra aparılmışdır. 
2012/2013-cü tədris ilində şəhərin ümumtəhsil məktəblərini 53 şagird bitirmiş, onlardan 53 nəfəri də attestat almış, attestat alanlardan 49 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş və 17 nəfəri ali təhsil ocaqlarına, 15 məzun isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. XI sinif şagirdləri buraxılış imtahanlarının nəticələrinə görə respublikada ən yüksək nəticəni göstərərək I yeri tutmuşlar. Bu yüksək göstərici olsa da, bununla arxayınlaşmaq olmaz. Çünki ali məktəblərə qəbul olanların sayı 35 faiz təşkil edir, ona görə də tədrisin, təhsilin keyfiyyətini artırmaq üçün ilk növbədə Təhsil şöbəsinin rəhbərliyi və müəllimlərimiz işlərində məsuliyyəti daha da artırmalıdırlar.
Naftalan şəhərində 2013-cü ildə malyariya, difteriya, brüsselyoz, qarın yatalağı kimi qorxulu yoluxucu xəstəliklər qeydə alınmamışdır. Xəstəxananın nəzdində fəaliyyət göstərən stamotologiya, rentgen kabineti, laboratoriyalar lazımi avadanlıqlarla və dərman preparatları ilə təmin olunmuşdur. İl ərzində 2450 nəfər imtiyazlı xəstə güzəştli dərman preparatları ilə təmin edilmişdir. Şəhər Xəstəxanasında 16 iyul 2013-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilmiş və aksiyada 350 nəfərə yaxın şəhər sakini həvəslə iştirak etmişdir ki, onlardan da 150 nəfərindən qan analizi götürülmüşdür. Naftalan şəhər Xəstəxanası uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Lakin, ölkə başçısının əhaliyə göstərilən tibbi xidmətin yeni tələblər səviyyəsinə çatdırılması məqsədilə Naftalan şəhərində müasir tələblərə cavab verəcək yeni xəstəxananın tikintisi ilə bağlı verdiyi tapşırıq şəhər sakinlərinə və xəstəxananın kollektivinə böyük sevinc və fərəh hissi bəxş etmişdir. Cənab Prezident tərəfindən yeni xəstəxananın tikintisi barədə imzalanmış Sərəncam şəhərimizin sakinlərinin yüksək səviyyəli şəfa ocağında tibbi xidmətlə təmin olunması üçün əvəzsiz töhfədir.
Şəhər Mədəniyyət və Turizm şöbəsi tərəfindən tarixi və əlamətdar günlərə həsr olunmuş tədbirlər keçirilmiş, bir çox bayram günlərində isə sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün konsert proqramları təşkil olunmuşdur. Şəhər İcra Hakimiyyətinin və Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə ümumşəhər tədbiri keçirilmişdir. 
Şəhər Gənclər və İdman idarəsi idmanın inkişaf etdirilməsi, gənclərə işin təşkili istiqamətində müəyyən işlər görmüşdür. Şəhərdə ayrı-ayrı idman növləri üzrə müxtəlif yaş qrupları arasında idman tədbirləri keçirilmiş və şəhər birinciliyinin qalibləri Respublika miqyaslı yarışlarda uğurla çıxış etmişlər.
2013-cü ildə şəhər Polis şöbəsində 26 cinayət hadisəsi qeydə alınmış, cinayətlərin açılması 96.3 faiz təmin edilmişdir. İl ərzində şəhərdə 1 ağır cinayət hadisəsi qeydə alınmış, yetkinlik yaşına çatmayanlar tərəfindən cinayət hadisəsi törədilməmişdir. 
2013-cü il ərzində sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar, sovet dönəmindən əhalini narahat edən bir sıra problemlərin həlli istiqamətində aparılan tikinti işləri bir daha onu göstərir ki, Naftalanda inkişaf dinamik xarakter daşıyır və bütün sahələri əhatə edir. Sahibkarlığın inkişafı istiqamətində də həyata keçirilən tədbirlər, onlara yaradılan münbit şərait və verilən dəstək nəticəsində sahibkarlar tərəfindən istismara yararsız sanatoriyaların yerində yeni müasir tələblərə cavab verən sanatoriya kompleksinin tikintisi işləri davam etdirilir. Hazırda Qarabağ sanatoriyasında son tamamlama işləri aparılır.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası Respublikanın bütün bölgələrində olduğu kimi Naftalan şəhərində də uğurla icra edilmişdir. Dövlət Proqramına uyğun olaraq şəhərdə istilik, qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər tam başa çatdırılmış, müasir istilik sistemləri, qazanxanalar quraşdırılmış, elektirk şəbəkəsinin yaxşılaşdırılması məqsədilə yerüstü elektrik xətləri yüksək gərginlikli yeraltı elektrik xətləri ilə əvəz edilmiş, bütün abonentlərə smart-kart tipli sayğac quraşdırılmış, hazırda bu sahədə işlər davam etdirilir. Görülən işlərin nəticəsdir ki, əhali qış mövsümündə fasiləsiz olaraq istiliklə təmin edilir, eləcə də elektrik enerjisinə qənaət etmiş olur.
Dövlət Proqramına uyğun olaraq ötən il əhaliyə göstərilən su və kanalizasiya xidmətinin daha da yaxşılaşdırılması məqsədilə şəhərin su təchizatı sisteminin bir hissəsinin və kanalizasiya şəbəkəsinin tikintisi işlərinə başlanılmış, artıq Ballıqaya-Goranboy magistral su kəmərindən Naftalan şəhərinə 315 mm diametrli borularla 5,9 km uzunluğunda magistral su xəttinin çəkilişi başa çatdırılmış və bunun da nəticəsində əhali yüksək keyfiyyətli su ilə təmin olunmuşdur. Hər birinin tutumu 3000 kubmetr olan 2 su anbarının inşası başa çatdırılmış, hazırda anbarın ətrafının hasarlanması məqsədilə betonlama işləri aparılır. Layihə çərçivəsində Naftalan Sukanal idarəsi üçün yeni inzibatı binanın da tikintisi nəzərdə tutulur.
Şəhərdə toplanan çirkab suların axıdılması məqsədi ilə 150-800 mm polietilen borularla 31 km uzunluğunda kanalizasiya şəbəkəsinin inşası yekunlaşmış, hazırda ev bağlantı işləri aparılır.
Həmçinn şəhərin I mikrorayonunda tutumu 500 m³ olan bir su anbarı, II mikrorayonda isə hər birinin tutumu 500 m³ olan iki su anbarı tikilmiş, bütün çoxmərtəbəli yaşayış binalarında istismar müddəti ötmüş köhnə su xətləri yenisi ilə əvəz edilmiş, abonentlərə yeni su sayğacları quraşdırılmışdır. Hazırda şəhər ərazisində yağış sularının axıdılması üçün yeni xətlərin çəkilişi işləri aparılır ki, bu işlər də başa çatdıqdan sonra artıq kommunal sahədə heç bir problem qalmayacaq. Bundan başqa gələcəkdə şəhərdə mövcud çirkab suların təmizləyici qurğuları da yenidən quraşdırılacaqdır.
Proqrama uyğun olaraq şəhərin səhiyyə kurort müəssisələrinin təmiri və yenidən qurulması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində 2013-cü ildə şəhərə müalicə və istirahətə gələn yerli və xarici qonaqların sayı əvvəlki illərlə müqayisədə artaraq 15 min nəfərə çatmışdır.
Şəhərdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərlə bərabər şəhərin sosial-iqtisadi inkişafı üçün bir çox işlər görülmüş və bu gün də davam etdirilir. Belə ki, hazırda sakinləri narahat edən mənzil-məişət problemlərinin həlli istiqamətində irimiqyaslı tədbirlər görülür. Çoxmənzilli yaşayış binalarının fasadları milli memarlıq üslubuna uyğun olaraq aqlay daşla üzlənilir, mənzillərə yeni plastik pəncərələr quraşdırılır, binaların dam örtükləri müasir üslubda yenidən qurulur, binaların dəhlizləri təmir olunur. Artıq 12 yaşayış binasında bu işlər tam başa çatdırılmış, 6 binada isə işlərə başlanılmışdır.
Əhalinin asudə vaxtının və istirahətinin səmərəli təmin edilməsi üçün Heydər Əliyev parkında yenidənqurma və abadlıq işləri həyata keçirilmiş, yeni yaşıllıq zolaqları salınmış, Heydər Əliyev Mərkəzi inşa olunaraq istifadəyə verilmişdir. Hazırda şəhər Bələdiyyəsinin və Polis şöbəsi üçün yeni inşa olunan inzibati binada tikinti işləri davam etdirilir. Dövlət başçısının müvafiq Sərəncamına əsasən ilə 2 yaşayış məntəqəsini birləşdirən 6.8 km uzunluğunda olan Naftalan-Qaşaltı Qaraqoyunlu avtomobil yolunun əsaslı təmirinə başlanılmış, qurunt sularının ötürülməsi üçün suötürücülər tikilmişdir. Naftalanın kurort zonası olmasını nəzərə alaraq kurort iqliminin yaxşılaşdırılması məqsədilə 2013-cü ildə də yol kənarlarında, parklarda 10000-dən artıq müxtəlif növ həmişəyaşıl ağac və gül kolları əkilmişdir.
2013-cü ilin mart ayının 20-də Naftalan şəhəri Fransa Respublikasının Leql şəhəri ilə yanaşı İtaliyanın Pozitano şəhəri ilə də əməkdaşlıq imkanlarını müzakirə etmiş və əməkdaşlıq protokolu imzalamışdır. Bu da onu göstərir ki, Naftalan şəhəri dünya kurortlar birliyinə sürətlə inteqrasiya edir.
10 sentyabr 2013-cü il tarixdə Prezident cənab İlham Əliyev 3-cü dəfə Naftalan şəhərinə səfər etmiş və səfər çərçivəsində cənab Prezidentin xeyir-duası ilə şəhərə içməli suyun verilməsi xəttinin açılışı olmuş, daha sonra möhtərəm Prezident Heydər Əliyev parkında yeni inşa olunmuş Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsmiş və Mərkəzdə yaradılmış şəraitlə tanış olmuşdur. Naftalana səfəri çərçivəsində Cənab Prezident "Qarabağ" sanatoriyasında tikinti işlərinin gedişi ilə də tanış olmuş və tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını vermişdir. Heydər Əliyev Parkında şəhər ictimaiyyəti ilə görüşü zamanı dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirmiş və yaxın gələcəkdə Naftalanda yeni infrastruktur layihələrin həyata keçiriləcəyini bildirmişdir.