Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Goranboy

Artıq 2013-cü il tarixə qovuşur. Bu il çox böyük mühüm hadisələrlə, uğurlarla yadda qaldı. Azərbaycanın gələcək müqəddəratı baxımından son dərəcə taleyüklü bir prosesə - Prezident seçkilərinə yekun vuruldu. Milyonların inam və etimad ünvanı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev seçkilərdə parlaq qələbə qazandı, xalqa və dövlətə sədaqət andı içərək növbəti beş il üçün ölkəyə rəhbərlik missiyasını üzərinə götürdü. Bu qələbənin əsas səbəbi Prezident İlham Əliyevin son 10 ildə insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu bir daha nümayiş etdirməsidir.
İnamla qeyd etmək olar ki, rayonumuzun seçiciləri də bu mühüm siyasi kompaniyada böyük fəallıq göstərmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə sonsuz sədaqətlərini bir daha nümayiş etdirmişlər.
Son 10 ildə dövlət idarəçiliyinə yeni ruh və müasirlik çalarları gətirmiş möhtərəm Prezidentimiz İlham Əliyev hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin başlıca təminatı hesab etmiş, eyni zamanda mövcud nöqsanlar, çatışmamazlıqlar ətrafında obyektiv müzakirələrin açılması yolu ilə onların tez bir zamanda aradan qaldırılmasına çalışmışdır.
«Mən hər bir azərbaycanlının prezidenti olacağam» - deyən möhtərəm Prezidentimiz İlham Əliyev son 10 illik fəaliyyətində bu vədinə sadiqliyini dəfələrlə əməli işi ilə sübuta yetirmişdir. Xalqın firavanlağına, yüksək sosial rifahına çalışan Prezident İlham Əliyev ən çətin və qayğılı günlərdə də vətəndaşlara diqqət və qayğısını, köməyini, mənəvi dəstəyini əsirgəməmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yenidən dövlətimizin başçısı seçildikdən sonra andiçmə mərasimində qeyd etdiyi kimi: «On il bundan əvvəl birinci dəfə Prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən Ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, Prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi. Əminəm ki, Azərbaycan xalqında qəti inam vardır ki, Azərbaycan bundan sonra da yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Çünki son on ilin tarixi bunu deməyə əsas verir».
Möhtərəm Prezidentimizin söylədiyi bu fikirlər Azərbaycanın dünənini, bu gününü və gələcək inkişaf strategiyasını müəyyənləşdirən amillərdir.
Azərbaycanın müasir tarixinin ən ümdə reallığı Ulu öndərimizin yaratdığı sabitliyin, müəyyənləşdirdiyi siyasi kursun son 10 ildə Prezident İlham Əliyev tərəfindən keyfiyyətlə yeni məzmunda uğurla davam və inkişaf etdirilməsidir.
Ölkəmizin on illik inkişafı əsrə bərabər ölçülür və əksər dövlətlərə nümunə göstərilir. Bu dövr ərzində iqtisadiyyatımız 3,4 dəfə artmışdır. Ölkəmiz bu gün nəinki regional, dünya problemlərinin həllində də öz rolunu oynayır. Buna əyani misal olaraq Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini, eləcə də siyasi prosesləri qlobal çərçivədə müzakirə və təhlil edən Davos İqtisadi Forumunun bu il Bakıda keçirilməsini göstərmək olar.
Göründüyü kimi Azərbaycan sürətlə inkişaf və tərəqqi edir, günbəgün müasirləşir, öz siyasi və iqtisadi qüdrətini durmadan yüksəldir. Son 10 ildə büdcə xərclərimiz iyirmi dəfəyə yaxın artmış, valyuta ehtiyatlarımız 50 milyard dollara çatmışdır. Azərbaycan elə nadir ölkələrdəndir ki, dünya iqtisadi böhranı şəraitində belə heç bir dövlətdən və ya beynəlxalq təşkilatdan yardım almayıb.
Bu gün Azərbaycan ümumi daxili məhsula nisbətdə ən az xarici borcu olan ölkələrdən biridir və onun səviyyəsi ümumdaxili məhsulun 8 faizini təşkil edir. Əgər 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, bu göstərici on ildə təxminən on dəfə azlmış, 5,3 faizə, işsizlik isə hazırda 5 faizə düşmüşdür. İnflyasiya 2,3 faiz səviyyəsindədir. Son on ildə Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, onlardan 900 mini daimi iş yeridir.
Azərbaycan tam müstəqil siyasət yeridən bir ölkədir. Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də uzaq şərq üçün strateji əhəmiyyət kəsb edir.
Azərbaycan Qərbdə yalnız zəngin neft və qaz ehtiyatları ilə deyil, həm də demokratiyaya, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini bir sıra konkret addımları ilə tam sübuta yetirmişdir.
Prezident İlham Əliyevin 14 aprel 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» 2013-cü ildə uğurla başa çatdırılmışdır. Bu Proqramın icrasının yekunları bir daha bütün regionların inkişaf etdiyini və qarşıya qoyulan vəzifələrin uğurla gerçəkləşdiyini sübuta yetirdi.
Ümumiyyətlə dövlət başçısının son 10 ildə imzaladığı 50-yə yaxın dövlət proqramı ölkə həyatının ən müxtəlif sahələrində kompleks islahatların əsasını qoymuşdur.
Bu müddət ərzində neft-qaz sektorunda tarixi nailiyyətlər əldə edilmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin tikintisi, demək olar ki, bölgənin enerji xaritəsini xeyli dərəcədə dəyişmişdir. Keçən il TANAP layihəsinə start verilməsi, bu il Trans-Adriatik boru kəmərinin tikintisi ilə bağlı əldə edilmiş razılaşmalar bundan sonrakı onilliklər ərzində Azərbaycanı çox vacib beynəlxalq enerji mərkəzinə çevirəcəkdir. «Şahdəniz-2», TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir.
Regionların inkişafının təmin edilməsi baxımından 2013-cü il böyük nailiyyətlər ili kimi qiymətləndirilir. İlin yekunları barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ətraflı qeyd olunmuşdur. Bildirilmişdir ki, 2013-cü ildə ümumi daxili məhsul təxminən 6 faiz, qeyri-neft sektoru 9,8 faiz artmışdır. İl ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur ki, onun 17,5 milyard dolları daxili sərmayədir. İnfrastruktur layihələrinin reallaşdırılması nəticəsində il ərzində 110 min yeni iş yerləri açılmışdır.
İqtisadiyyatımızın inkişafı sosial sahəyə də müsbət təsir göstərmişdir. 2013-cü ildə işləyənlərin orta aylıq əmək haqqı 2012-ci illə müqayisədə 6,2 faiz artaraq 423 manata çatmışdır. Əhalinin banklarda olan əmanətləri 6,8 milyard manat təşkil edir, bu da 34 faiz artım deməkdir. Bundan başqa ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimizin başçısının məqsədyönlü kursunun davamı olaraq 2013-cü ildə minimum əmək haqqının 13 faiz, əmək pensiyasının baza hissəsinin 17,6 faiz, bütün növ sosial müavinətlərin 10-67 faiz çərçivəsində artımı təmin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasının, dərindən düşünülərək hazırlanmış çoxsaylı dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Azərbaycanda əhalinin həyat şəraiti, gəlirləri xeyli yüksəlmişdir. İnsan inkişafı indeksinin orta illik artım tempinə görə Azərbaycan MDB məkanında birinci yerə layiq görülmüş, «orta insan inkişafı» ölkələri qrupundan «yüksək insan inkişafı» qrupuna keçmişdir. 2003-2013-cü illərdə insan inkişafı indeksinin artım sürətinə görə Azərbaycan orta dünya göstəricisini iki dəfə qabaqlayaraq planetin top-15-liliyinə daxil olmuşdur.
Dinamik inkişafa görə Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinə sahiblik edən Azərbaycan dünyanın nüfuzlu iqtisadi-maliyyə qurumlarının reytinq cədvəllərində də sürətlə irəliləyərək öz mövqeyini möhkəmləndirir. Qurumun 2013-2014-cü il üzrə «Dünya Rəqabətlilik indeksi»nə görə Azərbaycanın 7 pillə irəliləməsi və 148 dövlət arasında 39-cu yerdə qərarlaşması bunun əyani sübutudur. Bu gün Azərbaycan dünyanın 40 ən rəqabət qabiliyyətli ölkəsi sırasındadır.
Azərbaycan tarixən dünyada neft ölkəsi kimi tanınıb və bu gün də belədir. Bununla yanaşı möhtərəm prezidentimiz cənab İlham Əliyevin apardığı düzgün iqtisadi siyasət nəticəsində ölkəmizdə qeyri-neft sektorunun inkişafına ciddi önəm verilir və bu məqsədlə uğurlu layihələr həyata keçirilir. Ölkə iqtisadiyyatına kapital qoyuluşunun həcmi ilbəil artır. Kapital qoyuluşunun tərkibində daxili investisiyaların üstünlük təşkil etməsi ölkəmizin sürətli inkişafının göstəricisidir. 2013-cü ildə ölkə iqtisadiyyatına kapital qoyuluşu nəticəsində 50-yə yaxın istehsal, xidmət, kommunikasiya və sosial obyektlər tikilərək istifadəyə verilmişdir.
Regionların sosial-iqtisadi inkişafını müəyyən edən Dövlət Proqramlarının həyata keçirilməsi prosesi və icrası daim Prezident İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Bununla əlaqədar 2013-cü ildə Prezident İlham Əliyev 36 rayon və şəhərə səfər etmiş, 131 sosial obyektin açılışında iştirak etmiş, 43 obyektdə aparılan təmir-tikinti, əsaslı bərpa və yenidənqurma işləri ilə tanış olmuşdur. Dövlət başçısının açılışında iştirak etdiyi obyektlərin statistikasına nəzər salsaq görərik ki, 1 ildə bölgələrdə 15 Heydər Əliyev Mərkəzi, 17 istehsal müəssisəsi, 7 Gənclər Mərkəzi, 7 istirahət kompleksi və park, 6 Bayraq Meydanı, 6 Hotel Kompleksi, 4 Olimpiya İdman Kompleksi, 5 İdman Mərkəzi, 5 Mərkəzi xəstəxana, 3 Körpələr evi - Uşaq bağçası, 2 Muzey, 2 Elektrik stansiyası, 1 hava limanı tikilib istifadəyə verilmişdir. Bununla yanaşı, dövlət başçısı səfər etdiyi 36 rayon və şəhərin 17-də içməli suyun verilməsi, su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulmadan sonra istifadəyə verilməsi mərasimində, eləcə də 16 rayonda avtomobil yolunun açılışında iştirak etmişdir. Eyni zamanda 3 rayonda 4 yeni körpünün açılış mərasiminə qatılmış, Azərbaycan Silahlı Qüvvələrinin bölgələrdə yerləşən hərbi hissələrindəki vəziyyətlə tanış olmuşdur.
Təkcə 2013-cü ildə regionlarda 380-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 237 məktəb, 47 uşaq bağçası, 30 səhiyyə, 25 idman, 45 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı bərpa olunmuşdur. 470-ə yaxın müəssisənin isə tikintisi davam etdirilir. Göründüyü kimi ölkədə iş yeri problemi tamamilə həll olunmaq üzrədir. Artıq uğurla aparılan sosial-iqtisadi islahatların nəticəsi olaraq respublikamız dünyanın sürətli inkişaf yolunda olan dövlətlərdən biri kimi tanınır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikanın hər yerində olduğu kimi 2013-cü il rayonumuz üçün də əlamətdar il olmuşdur.
«Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 19 iyun 2013-cü il tarixdə sərəncam imzalamışdır. Sərəncamda qeyd edilmişdir ki, «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» Goranboy rayonunda uğurla həyata keçirilir. Dövlət Proqramının icrası nəticəsində əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrin yerinə yetirilməsi sahəsində bir sıra mühüm işlər görülmüş, o cümlədən təhsil, mədəniyyət, idman və digr sosialyönümlü obyektlər tikilərək istifadəyə verilmiş, genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin həmin sərəncamı ilə Goranboy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə 1 milyon manat, 30 iyul 2013-cü il tarixli sərəncamı ilə otuz beş min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır. Bu sərəncamlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Goranboy rayonuna davamlı göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Ayrılmış bu vəsait hesabına Goranboy şəhərində quruculuq-abadlıq işləri daha da genişlənmişdir. Əhalini narahat edən problemlərin həlli istiqamətində mühüm layihələr icra edilmişdir.
Goranboy şəhərinə Gəncə istiqamətindən girişdə yeni divar tikilmiş, aqlay daşı ilə üzlənmişdir. Həmin əraziyə 3000 kub.metr torpaq daşınmış, xeyli miqdarda dekorativ ağaclar və gül kolları əkilmişdir. Heydər Əliyev foto-abidəsinin tikintisi başa çatmış, ətrafı abadlaşdırılmış, yeni işıqlandırma dayaqları quraşdırılmışdır.
Şəhərin Heydər Əliyev prospektində, S.Civəzadə, C.Cabbarlı, R.Rza, V.Bayramov küçələrində, Goran-Goranboy yolunun İrəvanlı kəndi hissəsində divarların tikintisi başa çatdırılmış, divarlara aqlay daşı və süni üzlük daş vurulmuşdur. Bundan əlavə Goran istiqamətindən Goranboy şəhərinə giriş hissədə 300 kv.metr divar tikilmiş, aqlay və qaya daşı ilə üzlənmiş, həmin əraziyə 1200 kub.metr torpaq daşınmışdır. Goran-Goranboy avtomobil yoluna asfalt-beton örtük salınmış, Goran istiqamətindən giriş genişləndirilərək ikitərəfli yol çəkilmişdir. C.Cabbarlı küçəsində də 300 kv.metr divar tikilmiş, sement məhlulu ilə suvanmış, ikitərəfli yolun tikintisi aparılır. Xüsusi gecə görüntüsü yaratmaq üçün divarlarda işıqlandırma sistemi quraşdırılmışdır.
Hazırda R.Mustafayev və C.Cabbarlı küçələrində və Nizami parkından Goranboy Otelə qədər ikitərəfli yolun tikintisi davam etdirilir, işıqlandırma dayaqları qoyulmuşdur. Qızılhacılı qəsəbəsindən Goranboy şəhərinə girişdə avtomobil yolu boyu mişar daşı ilə divarın tikintisi aparılır.
Heydər Əliyev prospektində 1950 metr bardyor sökülərək yenisi ilə əvəz olunmuş, H.Əliyev prospektində və V.Bayramov küçəsində 4100 metr səki yan daşları düzülmüşdür.
Nizami Gəncəvi adına parkın 4 hektar sahəsi olan ikinci hissəsində tikinti işləri davam edir.
«Goranboy» otelinin yanında müasir üslubda parka giriş qapısı tikilir. Parkda Heydər Əliyev foto abidəsi, əhalinin istirahəti üçün 4 ədəd əyləncə yerləri, «Şəlalə» kompleksi inşa edilmişdir. Əlavə olaraq dekorativ ağaclar və gül kolları əkiləcəkdir. Suvarma aparılması üçün müasir suvarma qurğuları quraşdırılmışdır. Burada və şəhərin digər ərazilərində salınmış yaşıllıq zolaqlarında 22 mindən çox ağac və gül kolları əkilmişdir.
Rayon Qaz istismarı idarəsi və Su-kanal idarəsi üçün inzibati binaların tikintisi başa çatmış, rayon Paylayıcı Elektrik şəbəkəsinin inzibati binasının tikintisi yekunlaşmaq üzrədir.
Şəhər Avtovağzalının inzibati binasının tikintisi tamamlanmışdır. Həyətdə avtobusların dayanacaq yerləri tikilmiş, abadlıq işləri aparılmışdır. Avtovağzal açılışa hazırdır.
Şəhərin C.Cabbarlı küçəsində 5 mərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, baş fasad divarları aqlay daşı və süni üzlük daşla üzlənmişdir. Mövcud pəncərələr plastik pəncərələrlə əvəz edilmişdir. Civəzadə küçəsində 4 yaşayış binasının dam örtüyü müasir üslubda dəyişdirilmişdir.
Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında müasir memarlıq üslubunda, şəhərə xüsusi gözəllik verəcək 3 mərtəbəli, 4000 kv.metr sahəsi olan Heydər Əliyev Mərkəzinin tikintisi, o cümlədən dam örtüyündə işlər başa çatmış, binanın daxili divarlarına suvaq, xarici divarlarına aqlay daşı vurulur.
Böyük Vətən Müharibəsində və Qarabağ müharibəsində həlak olanların xatirəsinə ucaldılmış Xatirə Kompleksi əsaslı şəkildə yenidən qurulur, müasir ticarət mərkəzinin, yeni çörək zavodunun tikintisi başa çatmaq üzrədir.
Köhnə Mehmanxana binası əsaslı şəkildə yenidən qurularaq müasir otelə çevrilmiş, birinci mərtəbəsində «Access bank»ın filialı açılmışdır.
Goran-Goranboy yolunun sol tərəfində beton zavodu və heyvandarlıq kompleksi inşa edilir.
Əlillər və şəhid ailələri üçün 6 mərtəbəli 54 mənzilli yaşayış binasında son tamamlama işləri aparılır. İmtiyazlı şəxslərin mənzillə təmin olunması üçün əlavə 2 ədəd 6 mərtəbəli 54 mənzilli yaşayış binasının tikintisi plana salınmışdır. Bu binaların inşası başa çatdıqdan sonra rayon üzrə növbədə dayanan imtiyazlı şəxslərin mənzil problemi tamamilə həll ediləcəkdir.
Olimpiya İdman Kompleksinin tikintisinə başlanılmışdır.
Rayon mərkəzi ilə yanaşı digər yaşayış məntəqələrində də abadlıq-quruculuq işləri davam etdirilmişdir. Əhalini narahat edən problemlərin öyrənilməsi və onların həlli istiqamətində tədbirlərin görülməsi məqsədi ilə il ərzində yerlərdə ictimaiyyətin nümayəndələri ilə 45 səyyar görüş keçirilmişdir. Qaldırılan sosial sifarişlərin icrası istiqamətində operativ tədbirlər görülmüşdür. Eyni zamanda yerli əhəmiyyətli məsələlərin həlli ilə bağlı bir neçə donor təşkilatının rəhbəri ilə işgüzar əməkdaşlıq qurulmuşdur. Bunun nəticəsidir ki, icma layihəsi çərçivəsində yerli icmalarla AzKİL təşkilatı tərəfindən Rəhimli kəndində 7 km, Zeyvə kəndində 7 km, Sarov kəndində 7 km, Xınalı kəndində 7 km, Tap Qaraqoyunlu kəndində 7,5 km, Azad və Dəyirmanlar kəndlərində 9 km, Xan Qərvənd kəndində 8,5 km, Səmədabad kəndində 7 km kənddaxili yollar təmir edilmiş, Fəxralı, Baxçakürd və Tatarlı kənd qəbristanlıqlarına hasar çəkilmişdir. Həmçinin daxili imkanlar hesabına 12 kənddə 24,5 km yol təmir edilmişdir.
Nadirkənd, Səmədabad, Hazırəhmədli, Xınalı, Kələk, Qaramusalı və Tatarlı kəndlərində giriş qapıları inşa edilmişdir.
Qaradağlı, Todan, Yolqullar, Borsunlu, Qarqucaq, Ağamalıoğlu kəndlərində kənddaxili körpülər yenidən tikilmişdir. Aşağı Ağcakənd qəsəbəsində, Nadirkənd, Rəhimli, Borsunlu, Gürzallar, Yenikənd, Xəsədərli, Quşçular, Muzdurlar, Yolpaq və İrəvanlı kəndlərində 12.950 metr içməli su xətləri çəkilmiş, 28 bulaq inşa edilmiş, 350-dən çox ev içməli su ilə təmin edilmişdir. Yaşayış məntəqələrində 10 minə yaxın ağac əkilmişdir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə təmas xəttində yerləşən Tap Qaraqoyunlu və Tap kəndlərinin problemlərinin həlli istiqamətində xeyli iş görülmüşdür. Dövlət büdcəsindən ayrılmış vəsait hesabına 63 ev yenidən tikilmiş, 28 ev əsaslı təmir olunmuş, əhalinin təhlükəsizliyi üçün 792 metr uzunluğunda, 4 metr hündürlüyündə mühafizə divarı tikilmişdir. Əlavə olaraq 550 metr mühafizə divarının tikintisi başa çatmaq üzrədir. Murov-Goranboy magistral su kəmərindən kəndə su xətti çəkilmiş, su anbarı tikilmiş, həyətlərə su verilmişdir. Xeyir-şər evinin tikintisi başa çatmaq üzrədir. 
Həyata keçirilən tədbirlər nəticəsində makroiqtisadi göstəricilər xeyli yaxşılaşmışdır. Ümumi daxili məhsulun həcmi 3,2 faiz artmışdır.
Sənaye məhsulunun həcmi 2 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 10,1 faiz, poçt və rabitə xidmətlərinin həcmi 13,6 faiz, ticarət xidməti 10,3 faiz, pərakənd əmtəə dövriyyəsi 6,3 faiz, əhaliyə göstərilən pullu xidmətlər 8,2 faiz artmış, 103 milyon manatlıq tikinti-quraşdırma işləri aparılmışdır. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 3,9 faiz artaraq 240 manata çatmışdır. İl ərzində 1577 iş yeri yaradılmışdır ki, onun da 856-sı daimi iş yeridir.
Bu gün sahibkarlığın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Rayonumuzda da bu sahədə əlverişli şərait vardır. Ötən il sahibkarlıq subyektlərinin sayı 316 ədəd artaraq 2141-ə çatmışdır. 121 biznes layihəsinin icrası üçün sahibkarlara 1 milyon 620,5 min manat kredit verilmiş, bu hesaba 189 yeni iş yeri yaradılmışdır. Möhtərəm Prezidentimiz Nazirlər Kabinetinin iclasında 2014-cü ili «Sənaye ili» elan etmişdir. Son illərdə rayonumuzda aqrar sahə ilə yanaşı sənaye də sürətlə inkişaf edir. Hazırda rayonda fəaliyyət göstərən 7 sənaye müəssisəsi bunu deməyə əsas verir. Yaxın aylarda isə «Gilan» MMC-nin dünya standartlarına uyğun inşa edilmiş Quru Qarışıqlar zavodu istifadəyə veriləcəkdir.
İl ərzində əksər yaşayış məntəqələrində ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirilmiş, əhalini narahat edən problemlər öyrənilərək həlli istiqamətində tədbirlər görülmüşdür.
2013-cü ilin yekunları ilə bağlı rayonun bütün inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində hesabat yığıncaqları keçirilmişdir. Yığıncaqlarda irəli sürülən təkliflər ümumiləşdirilmiş, bu təkliflər icra üçün rayonun 2014-cü ilə dair sosial-iqtisadi inkişafı ilə bağlı Tədbirlər planına daxil edilmişdir.
2014-cü ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində mühüm işlərin görülməsi nəzərdə tutulmuşdur. Artıq həmin işlərin icrasına başlanılmışdır.