Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi

Region haqqında
Təhsil

Goranboy

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Təhsil islahatı proqramı ötən 10 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yaradıcılıqla davam etdirilmişdir. Təhsilin normativ-hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində geniş miqyaslı tədbirlər görülmüşdür. Bu müddət ərzində 2708 məktəb binası tikilmiş və ya əsaslı bərpa və təmir işləri aparılmışdır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişləndirilmişdir.
Son 10 ildə bütün sahələrlə yanaşı təhsilin inkişafı dövlət siyasətinin prioritet sahələrindən biri olmuşdur. Prezident İlham Əliyevin fəaliyyətinin əsasında insan amili dayanır. Bu gün iqtisadi kapitalın insan kapitalına çevrilməsi sahəsində mühüm işlər görülür. Həyata keçirilən islahatlar, görülmüş tədbirlər, qazanılan nəticələr onu deməyə imkan verir ki, artıq təhsilimiz inkişaf yolundadır və eyni zamanda genişlənməkdədir.
Dövlətin təhsilə qayğısı davamlı olaraq artmaqdadır. Əgər 2003-cü ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 243 milyon manat səviyyəsində idisə, 2013-cü ildə bu rəqəm 1,5 milyard manata yüksəlmişdir. İnvestisiya xərcləri isə 5 milyon manatdan 420,9 manata çatmışdır.
Təhsilin maddi-texniki bazasının yaxşılaşdırılmasında qəbul olunmuş Dövlət Proqramlarının icrası mühüm rol oynamışdır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı»na uyğun olaraq müasir tipli yeni təhsil ocaqları tikilib istifadəyə verilmiş, məktəblərdə əsaslı təmir işləri aparılmışdır. Eyni zamanda «Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı (2005-2009-cu illər)» bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Bölgələrin sosial-iqtisadi inkişafı sahəsində tədbirlərin davam etdirilməsini nəzərdə tutan «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə inkişafı Dövlət Proqramı»nda da bir sıra sahələrlə yanaşı, təhsil infrastrukturunun müasirləşdirilməsi məsələsinə xüsusi yer ayrılmışdır. Bununla da ölkə üzrə məktəb infrastrukturunun müasirləşdirilməsi nəticəsində 1 milyon şagirdin (bütün şagirdlərin 80 faizi) təlim şəraiti yaxşılaşdırılmışdır.
İqtisadi kapitalı insan kapitalına çevirməyi strateji hədəf kimi qarşıya qoyan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qısa zamanda Azərbaycanın Avropa ali təhsil məkanına inteqrasiyasını təhsil siyasətinin prioritetlərindən birinə çevirdi. Azərbaycan 2005-ci ildə «Avropa ali təhsil məkanına» Boloniya prosesinə qoşuldu. Azərbaycan Prezidenti İlham Əliyevin 10 illik fəaliyyəti dövründə ölkəmizin Boloniya prosesinə qoşulması ilə əlaqədar əvvəlcə (2006-2007-ci tədris ili) 10, daha sonra (2007-2010-cu illər) isə 27 dövlət ali məktəblərində bütün ixtisaslar üzrə kredit sisteminin tətbiqinə başlanılıb.
Məktəbli uşaqların dərsliklərlə tam təmin edilməsi problemi artıq həll olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi «2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı»na uyğun olaraq 2003-2005-ci illər ərzində ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təminatı yerinə yetirildi. Beləliklə Azərbaycan müstəqillik əldə etdikdən sonra postsovet məkanında orta məktəb şagirdlərinin dövlət vəsaiti hesabına dərsliklərlə təminatını reallaşdıran yeganə ölkə oldu.
Bu gün elektron təhsilə doğru atılan addımlar da təqdirəlayiqdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsilin inkişafının əsas istiqamətlərini müəyyən edərkən informasiya və kommunikasiya texnologiyalarının ümumtəhsil məktəblərində tətbiqini ön plana çəkmişdi. 2005-ci ildən etibarən təhsil sistemində bilavasitə keyfiyyətin yüksəldilməsinə xidmət edən informasiya-kommunikasiya texnologiyaları tətbiq edilməyə başlandı. Təhsilin informasiyalaşdırılması sahəsində 2005-2007 və 2008-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı təsdiq edilmiş, onların həyata keçirilməsi nəticəsində respublikanın ümumtəhsil məktəblərində hər 20 şagirdə bir kompüter nisbəti təmin olunmuşdur. Halbuki 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşürdü.
2003-cü ildən bu vaxta qədər ümumtəhsil məktəblərində işləyən 112 mindən çox müəllim informasiya və kommunikasiya texnologiyalarına dair xüsusi təlimlərdən keçmişdir. 1700 məktəb genişzolaqlı sürətli internetlə təmin olunmuş, internetə qoşulan məktəblərin miqdarı 2004-cü ildəki 1,5 faizdən 2013-cü ildə 37 faizə yüksəlmişdir. 50 təhsil müəssisəsində «Elektron məktəb» layihəsinə başlanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə təsdiq etdiyi «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»na uyğun olaraq minlərlə azərbaycanlı gənc dövlət vəsaiti hesabına xaricdə təhsil almağa göndərilmişdir.
2013-cü il milli təhsilin inkişafında yeni mərhələ ili kimi yadda qalacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixdə imzaladığı «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nın təsdiq edilməsi bu yeni mərhələnin əsas sistemverici amilidir. Bu sənəddə deyildiyi kimi: «Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməlidir. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitlə münasibətdə düzgün mövqe seçmək imkanı verir.
2013-cü il rayonun təhsil həyatında da müəyyən nəticələr əldə olunmuşdur. Ötən dərs ilində rayonun 80 ümumtəhsil məktəbində, o cümlədən 60 tam orta, 10 ümumi orta və 10 ibtidai məktəblərdə 14217 şagird təhsil almışdır. 5 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərmiş, bu müəssisələrə 885 uşaq cəlb olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi «Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2009-2013-cü illər)»nın icrası nəticəsində təkcə son 4 ildə 3380 şagird yerlik müasir standartlara cavab verən 18 yeni məktəb binası, Tap Qaraqoyunlu kənd tam orta məktəbində əlavə tədris korpusu tikilmiş, 1420 şagird yerlik 8 məktəb əsaslı təmir olunmuşdur. O cümlədən 2013-cü ildə 480 şagird yerlik Fəxralı kənd tam orta, 80 şagird yerlik Təklə kəend ibtidai məktəbi üçün yeni binalar tikilmişdir.
Hazırda 180 şagird yerlik Qarasuçu, Xınalı, Yenikənd kənd tam orta, Goran qəsəbə ümumi orta məktəbləri üçün yeni binalar tikilir. Qeyd olunan dövrdə məktəblərin inventar və avadanlıqla təminatı istiqamətində də müəyyən işlər görülmüşdür. Məktəblərə 190 ədəd sinif, 809 ədəd müəllim masası, 492 ədəd şagird partası, 108 ədəd yazı lövhəsi, 980 ədəd stul, 48 kompüter, 30 printer stolu, 36 paltar şkafı və digər inventar və avadanlıqlar alınaraq paylanılmışdır.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən rayonun ümumtəhsil məktəbləri üçün müasir tələblərə cavab verən 6 laboratoriya avadanlıqları və vasitələri verilmişdir ki, onlardan 2-si fizika laboratoriyası olmaqla Dəliməmmədli şəhər, Borsunlu kənd 1 saylı, 2-si kimya laboratoriyası olmaqla Qızılhacılı qəsəbə 1 saylı və Səfikürd kənd, 2-si biologiya laboratoriyası olmaqla Goranboy şəhər 1 saylı və Xan Qərvənd kənd tam orta məktəblərinə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə tədiq olunmuş «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin inforamasiyalaşdırılması üzrə Dövlət Proqramı»nın icrası ilə bağlı rayonun ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı yaxşılaşdırılmış, hazırda 548 kompüter şagirdlərin istifadəsindədir ki, bu da hər 24 şagirdə bir kompüter nisbəti deməkdir.
Azərbaycan təhsilinin dünyanın aparıcı dövlətlərinin təhsil sisteminə inteqrasiyanı təmin etmək, məktəblərdə internet şəbəkəsinin genişləndirilməsi diqqət mərkəzindədir. Bu baxımdan rayonun təhsil müəssisələrində də internetdən istifadə genişlənməkdədir.
Ümumilikdə 80 ümumtəhsil məktəbindən 31-i internet şəbəkəsinə qoşulmuşdur ki, bundan 10 min şagird istifadə edir ki, bu da şagirdlərin 71,4 faizi deməkdir.
Rayonun bütün ümumtəhsil məktəblərinin hamısı beş günlük tədris həftəsinə keçmişdir. Təhlil göstərir ki, tədrisin nəticələrində dinamika müşahidə olunur. Ötən dərs ilində tam orta məktəbi 1101 nəfər bitirmiş, müsbət yekun qiymət almaqla attestat almışlar. Attestat alanlardan 575 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 324 nəfəri (məzunların 29,4 faizi, sənəd verənlərin 56,3 faizi) tələbə adını qazanmışdır.
2012-ci ildə isə ali məktəblərə 736 məzun sənəd vermiş, onlardan 327 nəfəri (yəni 44,4 faizi) ali məktəblərə qəbul olunmuşdur. Yüksək balla ali məktəblərə daxil olan məzunlarla görüş hər il ənənə şəklini almış, onlara qiymətli hədiyyələr təqdim edilmişdir.
2012-2013-cü dərs ilində tələbə adını qazanan məzunlardan 11 nəfəri 600 baldan yuxarı nəticə göstərmişdir ki, bu da əvvəlki dərs ili ilə müqayisədə 5 nəfər çoxdur. 44 məzunun göstəricisi 500-600 intervalında olmuşdur ki, bu da ötən ilə nisbətən 17 nəfər artıqdır.

600 baldan yuxarı nəticə göstərən məzunlar
____________________________________

1. Məmmədli Xədicə Namiq qızı - Şəhər 2 saylı tam orta məktəbin məzunu, 647 balla Azərbaycan Dövlət Tibb Universitetinin «Müalicə işi» fakültəsinə daxil olub.
2. Eyvazov Emin Ədalət oğlu - Şəhər 3 saylı tam orta məktəbin məzunu, 642 balla Azərbaycan Dövlət Tibb Universitetinin «Müalicə işi» fakültəsinə daxil olub.
3. Məmmədov Ceyhun Əziz oğlu - Aşağı Ağcakənd qəsəbə tam orta məktəbin məzunu, 636 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.
4. Nəbizadə Aytac Fəxri qızı - Şadılı kənd tam orta məktəbin məzunu, 634 balla Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub.
5. Muradzadə Pərvin Vidadi qızı - Xan Qərvənd kənd tam orta məktəbin məzunu, 622 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinə daxil olub.
6. Əvəzov Nicat Arif oğlu - Yeniyol kənd tam orta məktəbin məzunu, 622 balla Azərbaycan Dövlət Neft Akademiyasının Prosesin attestasiyası Avropa İttifaqı Texnoloqu fakültəsinə daxil olub.
7. Əliyev Həsən İldırım oğlu - Əzizbəyov kənd tam orta məktəbin məzunu, 614 balla Polis Akademiyasına daxil olub.
8. Novruzov Elgün Şanxay oğlu - Qazanbulaq qəsəbə tam orta məktəbin məzunu, 606 balla Bakı Slavyan Dillər Universitetinin «Tərcüməçilik» fakültəsinə daxil olub.
9. Həsrətov Orxan Telman oğlu - Nizami kənd tam orta məktəbin məzunu, 605 balla Azərbaycan Dövlət Tibb Universitetinin «Hərbi tibb» fakültəsinə daxil olub.
10. Ələsova Səidə Pərviz qızı - Şəhər 3 saylı tam orta məktəbin məzunu, 601 balla Bakı Dövlət Universitetinin Politologiya fakültəsinə daxil olub.
11. Cəfərov Vüsal Suliddin oğlu - Nizami kənd tam orta məktəbin məzunu, 600 balla Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.
Son illər hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin nəticəsidir ki, gənclər hərbi peşələrə getdikcə daha çox maraq göstərirlər. Ötən dərs ilinin məzunları arasından 5 nəfər Heydər Əliyev adına Hərbi Akademiyaya, 4 nəfər Polis Akademiyasına, 1 nəfər Fövqəladə Hallar Akademiyasına, 4 nəfər isə C.Naxçvanski adına Hərbi Liseyə daxil olmuşlar.
Rayonun bir sıra ümumtəhsil məktəblərində ali məktəbə qəbulda yüksək nəticələr əldə olunmuşdur. Ali məktəblərə sənəd verən məzunların Aşağı Ağcakənd qəsəbə tam orta məktəbi üzrə 100 faizi, Qaraçinar və şəhər 3 saylı tam orta məktəbləri üzrə 85,7 faizi, şəhər 2 saylı tam orta məktəbi üzrə 76,7 faizi, Xan Qərvənd kənd tam orta məktəbi üzrə 68,5 faizi, Qazanbulaq qəsəbə tam orta məktəbi üzrə 66,6 faizi tələbə adını qazanmışlar.
İstedadlı uşaqların aşkara çıxarılması və onların yaradıcılıq potensialının inkişaf etdirilməsində məktəbdənkənar təhsil müəssisələrinin rolu artırılmışdır. Hazırda rayon Təhsil şöbəsi nəzdində Uşaq Gənclər məktəbi, Uşaq Gənclər Şahmat məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, Uşaq Texniki Yaradıcılıq Mərkəzi, Uşaq Ekoloji və Təcrübəçilik Mərkəzi fəaliyyət göstərir. Qeyd olunan məktəbdənkənar təhsil müəssisələri ötən dərs ilində bir sıra nəticələr əldə etmişlər. Uşaq Gənclər İdman məktəbinin yetirmələri Rafiq Musayev və Həsrət Cəfərov Yunan-Roma güləşi, Yaşar Əliyev və İsmayıl Xəlilov Ağır atletika üzrə keçirilən respublika yarışlarında Respublika çempionu olmuşlar.
Uşaq Gənclər Şahmat məktəbinin idmançıları Kürdəmir şəhərində keçirilən Respublika çempionatının seçmə yarışlrında yaxşı nəticələr göstərmişlər. 2013-cü ildə məktəbin 8 yaşlı şahmatçısı Elgün Məmmədov Birləşmiş Ərəb Əmirliyinin Əl-Əin şəhərində uşaqlar və gənclər arasında şahmat üzrə keçirilən dünya çempionatında iştirak etmiş, 5,5 xal toplayaraq qənaətöəxş nəticə göstərmişdir.
Texniki Yaradıcılıq Mərkəzinin yetirməsi, Dəliməmmədli şəhər tam orta məktəbin VI sinif şagirdi Sübhan Məmmədovun «Avtomodel» əl işi Respublika Texniki Yaradıcılıq Mərkəzində keçirilən baxış müsabiqədə II yerə layiq görülmüş, Diplom və hədiyyə ilə təltif olunmuşdur.
Mərkəzin digər yetirməsinin əl işləri 27 nyoabr 2013-cü il tarixdə Respublika Texniki Yaradıcılıq Mərkəzində keçirilən baxış müsabiqədə III yerə layiq görülmüşdür.
Uşaq Yaradıcılıq Mərkəzinin də nəticələri sevindiricidir. Mərkəzin yetirməsi, Borsunlu kənd 1 saylı tam orta məktəbin şagirdləri Hikmət Kazımov «Ən çox sevdiyim idman növü» mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən respublika rəsm müsabiqəsində II yer, Aynur Cəfərova əl işləri üzrə müsabiqənin Respublika turunda II yer, şəhər 1 saylı tam orta məktəbin şagirdi Ülkər Hüseynova Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında «Heydər Əliyev və Müstəqil Azərbaycan» mövzusunda keçirilən Respublika Rəsm müsabiqəsində III yer tutaraq Diplom və hədiyyə ilə mükafatlandırılmışdır.
«Uşaqlar və müharibə» mövzusunda keçirilmiş müsabiqənin qalibi olmuş bir rəsm işi Moskva şəhərinə göndərilmiş, iki ədəd rəsm işi isə İspaniyada keçirilən «Sülh və əməkdaşlıq» müsabiqəsinə təqdim olunmuşdur.
Fənn olimpiadalarının keçirilməsi artıq ənənə halını alıb. Şagirdlərin olimpiadada iştirak etmək və biliklərini nümayiş etdirmək maraqları ildən-ilə güclənir. Ötən dərs ilində 9 fənn üzrə rayon olimpiadalarının birinci turunda 758 şagird, 6 fənn üzrə ikinci turda 78 şagird iştirak etmiş, ikinci turun qalibi olan 9 şagird Respublika fənn olimpiadalarında iştirak etmişlər. Onlardan 4 nəfəri fərqləndiklərinə görə Təhsil Nazirliyinin Diplom və Fəzxri Fərmanları ilə təltif olunmuşlar.
2008-2009-cu dərs ilindən həyata keçirilən kurrikulum layihəsi cari dərs ilindən ümumi orta təhsil bazasına daxil olan VI siniflərdə tətbiq olunmağa başlanmışdır. Bu məqsədlə təhsil sektorunun inkişafı üzrə ikinci layihənin «Pedaqoji kadrların ixtisasartırma təhsilinin müasirləşdirilməsi» adlı ikinci komponentinin icra planına uyğun olaraq 2013-2014-cü dərs ilində 14 fənn üzrə rayonun ümumtəhsil məktəblərinin 565 pedaqoji işçisi təlim kurslarından keçərək sertifikat almışlar.
Son illər rayon müəllimlərinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Təkcə son 4 ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Goranboy şəhər 2 saylı tam orta məktəbin müəllimi Alıyeva Hürü Alı qızı, Goranboy şəhər 1 saylı tam orta məktəbin direktoru Məmmədova Səidə Məmməd qızına «Əməkdar müəllim» fəxri adı verilmiş, Səfikürd kənd tam orta məktəbin müəllimi Səklikov İsgəndər Fərhad oğlu «İlin ən yaxşı müəllimi» adına layiq görülmüş, Goranboy şəhər 1 saylı tam orta məktəbin müəllimi Həsənəliyeva Kəmalə Qədir qızı və Goranboy şəhər 2 saylı tam orta məktəbin müəllimi Rəhimova Məryəm Saleh qızı «Tərəqqi» medalı ilə təltif edilmişdir. Bu qiymətləndirmə 2013-cü ildə də davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Goranboy şəhər 2 saylı tam orta məktəbin direktoru Məmmədov Rəddin Talış oğluna «Əməkdar müəllim» fəxri adı verilmiş, Respublika Təhsil Nazirinin əmri ilə isə Veyisli kənd tam orta məktəbin direktor müavini Ağamalıyeva Mirvari Ağamalı qızına «Qabaqcıl təhsil işçisi» döş nişanı təqdim edilmişdir.

Məmmədov Rəddin Talış oğlu
_________________________

1952-ci ildə anadan olmuş, 1976-cı ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1976-1980-ci illərdə Tərtər rayonunun Sarov kənd orta məktəbində, 1980-1982-ci illərdə Goranboy rayonunun Rəhimli kənd orta məktəbində müəllim, 1982-1993-cü illərdə Goranboy rayon Partiya Komitəsində təlimatçı, rayon XDS İcraiyyə Klmitəsində şöbə müdiri, rayon Təhsil şöbəsində məktəb inspektoru vəzifələrində işləmişdir. 1993-cü ildən hal-hazıradək Goranboy şəhər 2 nömrəli tam orta məktəbin direktoru işləyir.
Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Məmmədov Rəddin Talış oğluna «Əməkdar müəllim» fəxri adı verilmişdir.
R.Məmmədovun rəhbərlik etdiyi məktəb 2006-2010-cu illərdə respublikada 25 pilot məktəblərindən biri olmuşdur. Məktəb ötən dərs ilindən şahmatın tədrisi və istedadlı gənclərin yetişdrilməsi üzrə pilot məktəbidir.

Ağamalıyeva Mirvari Ağamalı qızı
____________________________

1973-cü ildə anadan olmuş, 1996-cı ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun ibtidai təhsilin metodikası və pedaqogikası fakültəsinin qiyabi şöbəsini bitirmişdir.
1990-cı ildən 2010-cu ilədək Goranboy şəhər 1 nömrəli və Veyisli kənd tam orta məktəblərində Uşaq Birliyi təşkilatının rəhbəri, müəllim işləmişdir. 2010-cu ildən hal-hazıradək Veyisli kənd tam orta məktəbində direktor müavini işləyir.
Azərbaycan Respublikası Təhsil Nazirinin 5 oktyabr 2013-cü il tarixli əmri ilə Ağamalıyeva Mirvari Ağamalı qızı «Qabaqcıl təhsil işçisi» döş nişanı ilə təltif edilmişdir.

Artıq Azərbaycan təhsilində yeni mərhələ başlayır. Ölkə ictimaiyyətini düşündürən, təhsil sahəsi ilə maraqlanan hər kəsi narahat edən məsələnin köklü həllini nəzərdə tutan «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nın qəbul olunması bunu sübut edir. Dövlət Strategiyasının əsas məqsədi isə ölkədə səriştəli təhsil verənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət səviyyəsinə görə dünyada öncül mövqe tutan təhsil sistemi formalaşdırmaqdır.