Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Vətənin şöhrətini ucaldan igidlər” mövzusunda onlayn tədbir keçirildi

04.05.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialı 9 May Qələbə günü ilə əlaqədar “Vətənin şöhrətini ucaldan igidlər” mövzusunda onlayn tədbir keçirdi.

Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova qeyd etdi ki, 1941-1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsi Azərbaycan xalqından da yan keçməyib. Bu qanlı-qadalı müharibədə soydaşlarımız öz şücaətləri ilə qələbənin qazanılmasında hünərlərini göstərmişlər.

Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, əməkdar mədəniyyət işçisi Bəxtiyar Muradov çıxış edərək qeyd etdi ki, bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Çünki xalqımız faşizm üzərində qələbə üçün özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşublar. Faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir.

Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov Ev Muzeyinin direktoru Eldəniz Babayev öz çıxışında bildirdi ki, ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məhərrəm oğlu Məmmədov əslən Şəmkir rayonunun Qapanlı kəndindəndir.1919-cu ilin burulğanında ailəsi Gəncəyə köçüb. Elə həmin ili İsrafil Məmmədov da burada dünyaya göz açıb. İndi həm Gəncə şəhərində, həm də Qapanlı kəndində igid eloğlumuzun abidəsi ucalır. Əslində, onun ölməz xatirəsi bütün qədirbilən Azərbaycan xalqının qəlbində yaşayır.

Fransa Müqavimət Hərakatının azərbaycanlı qəhrəmanı Əhmədiyyə Cəbrayılovun oğlu, onun ev muzeyinin yaradıcısı və direktoru Cavanşir Cəbrayılov atasının döyüş yolu haqqında danışdı və muzeyin eksponatları ilə iştirakçıları tanış etdi.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva, bələdçisi Könül Süleymanova çıxış edərək qeyd etdilər ki, Azərbaycan övladlarının İkinci dünya müharibəsində göstərdikləri qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. Bu gün həmin müharibənin iştirakçısı olan insanlara göstərilən böyük diqqət və qayğı isə Prezident İlham Əliyevin mənəvi dəyərlərimizə bağlılığının, öz xalqının qəhrəmanlıq salnaməsinə dərin ehtiramının və Ulu Öndərin ideyalarını yaşatmasının bariz təcəssümüdür.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova çıxışında bildirdi ki, Ümummilli lider Heydər Əliyev Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli gecədəki nitqində bu barədə demişdi: "Bu Qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi... O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək

keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi..."

Sonda Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov Ev Muzeyinin direktoru Eldəniz Babayev İsrafil Məmmədovun 100 illiyi ilə əlaqədar nəşr olunmuş, müəllifləri Məsail Quliyev və Əsgər Məmmədov olan "İsrafil Məmmədov Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı" adlı kitabını Gəncə şəhər Heydər Əliyev Mərkəzinə hədiyyə etdi.

 

127.4 KB

 

50.1 KB