Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Respublikasının Xalq artisti Mobil Salman oğlu Əhmədovun 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

10.09.2021

10 sentyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyinin təşəbbüsü və Regional idarənin təşkilatçılığı ilə Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzinin qarşısında Azərbaycan Respublikasının Xalq artisti, teatr aktyoru, vokal ifaçısı Mobil Əhmədovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun dəvəti ilə tədbirin qonaqları Gəncə şəhər İcra Hakimiyyətinin rəsmisi Azər İbrahimov, Mobil Əhmədovun qızı Nigar Əhmədova, Gəncədən olan millət vəkili Müşfiq Cəfərov, Gəncə şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev, Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Həmid Nəsirov, Cavad xan Tarix-Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, Azərbaycan Respublikasının Xalq artisti Fikrət Verdiyev, Gəncə şəhər Gənclər evinin direktoru Amil Qurbanov, tanınmış yazıçı, jurnalist İsmayıl Abbas və digər şəhər ziyalıları Məhsəti Gəncəvi Mərkəzinin önünə gədilər.

Tədbirin aparıcıları Gəncə Dövlət Dram Teatrının aktyorları Günay Xanlar qızı və Şahlar Məmmədov mikrofon önünə gələrək ilk öncə 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək II Qarabağ Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad olunmasını xaiş etdilər.

Sonra Azərbaycan Respublikasının Xalq artisti, teatr aktyoru, vokal ifaçı, şirin məlahətli, coşqun səsli və zəngin çalarlı aktyor kimi yüksək səhnə mədəniyyətinə malik, sənət dostlarının yüzlərlə şarjını çəkmiş, gəncəli sənətkar Mobil Əhmədovun keçdiyi ömür yolu barədə məlumat verildi.

Gəncə Dövlət Dram Teatrının direktoru, Respublikanın Əməkdar Mədəniyyət İşçisi Əli Qasımovun rəhbərliyi ilə aktyorların ifasında Mobil Əhmədovun vaxtılə rol aldığı Süleyman Rüstəmovun “Durna” (musiqisi Səid Rüstəmova məxsus) musiqili komediyasından bir hissəni (aktyorlar Emil Salmanov – Murad (Mobil Əhmədov rolunda), Sevinc Hüseynova – Durna, Zəminə Cəfərova – Nisə, Mətləb Təhmazi – Kərim) təqdim etdilər.

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktor əvəzi, Respublikanın Əməkdar artisti Elçin Elçiyevin rəhbərliyi ilə musiqi nömrələri tədbir iştirakçılarına təqdim olundu.

Musiqi proqramında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyasını, Tofik Quliyevin “Qızıl üzük” mahnısını Respublikanın Əməkdar artisti Tural Abdullayev, Süleyman Ələsgərovun “Küsmərəm” mahnısını isə Respublikanın Xalq artisti Sevinc İbrahimova (fortepianoda Filarmoniyanın konsertmeysteri Ruhiyyə İsgəndərovanın müşayiəti ilə) ifa etdilər.

Çıxış üçün söz teatrşünas, tənqidçi Anar Bürcəliyevə verildi. O, tədbirin keçirilməsi üçün Regional idarənin rəisi Vasif Cənnətova bütün iştirakçılar adından minnətdarlığını bildirdi və Xalq artisti Mobil Əhmədovun vaxtılə Gəncədə yaşadığı evin divarına onun barelyefinin vurulmasını təklif etdi.

Tədbirin sonunda Xalq artisti Mobil Əhmədovun qızı Nigar Əhmədova çıxış edərək, atasının xatirəsinə həsr olunmuş bu tədbirin əsas təşəbbüskarı Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova, bütün iştirakçılara, qədirbilən gəncəlilərə öz səmimi təşəkkürlərini bildirdi.