Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Türkiyəli yazarlar Gəncədə

13.09.2021

12 sentyabr 2021-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət Idarəsinin təşəbbüsü və Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşkilatçılığı ilə Türkiyəli yazarlar Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanmış olduğu qələbə sevincini paylaşmaq və ölkəmizdəki qələm dostlarını təbrik etmək üçün "Gönül yolculuğu" platforması altında Gəncəyə səfər ediblər.

Onlar Nizami Gəncəvinin Məqbərəsini ziyarət etdikdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkidilər.

Qonaqlar günahsız mülki insanlara qarşı həyata keçirilmiş erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış oldular. Onlar erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzdülər, cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ümumilikdə 8 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulması barədə məlumat verdilər.

Bildirildi ki, dinc sakinlərin sıx yaşadığı ərazilərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın olmaqla 26 dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb.

Bundan sonra qonaqlar Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində şair və yazıçılarla görüş keçirdilər. Görüşdə həm türk yazarları, həm yerli yazarlar Azərbaycan Türkiyə dostluğu, şəhidlər və vətən mövzusunda şeirlər oxudular.

Qonaqlar səmimi görüş üçün Gəncə Şəhər İcra Hakimiyyətinə, Gəncə Regional Mədəniyyət İdarəsinə və Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinə təşəkkürlərini bildirdilər, onlara “Gönül yolculuğu” Platformu Başkanları Nazilə Gültac və Coşkun Karabulutun imzaladığı təşəkkürnaməni təqdim etdilər.