Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Nizami Gəncəvi Muzeyinin qarşısında Nizamişünaslarla görüş keçirildi

18.09.2021

17.09.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami Gəncəvi Məqbərə Kompleksinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvi Muzeyinin qarşısında Nizami Gəncəvi ili çərçivəsində Nizamişünas alimlərlə görüş keçirilmişdir.

Tədbirin əsas iştirakçıları, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev, AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunun elm katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, həmin institutun Əlyazmaların elm ekspozisiyası sektorunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Nəcəfova, AMEA-nın Gəncə bölməsinin böyük elmi işçisi, fəlsəfə doktoru Aləmzər Tağıyeva, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə şəhər Gənclər Evinin direktoru Amil Qurbanov, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktor əvəzi, Respublikanın Əməkdar artisti Elçin Elçiyev, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğun direktor müavini Vüsal Alıyev əvvəlcə Nizami Gəncəvinin Məqbərəsini ziyarət edərək, məzarı üzərinə təzə-tər qərənfillər düzdülər.

Sonra onlar Nizami Gəncəvi Muzeyinin qarşısında təşkil olunmuş dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş kitab sərgisi ilə eyni zamanda Elçin Gəncəlinin pul kolleksiyasının sərgisi ilə tanış oldular.

Görüşdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, AMEA-nın Fizuli adına Əlyazmalar İnstitutu elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, həmin institutunun elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Nəcəfova, AMEA-nın Gəncə bölməsinin böyük elm işçisi Aləmzər Tağıyeva, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, Nizami Gəncəvi Məqbərəsinin direktoru Gülnarə İsmayılova, bələdçi Hava Hüseynova, Samux rayonu Eltun İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbinin təşkilatçı müavini Məhəbbət Şükürova çıxış edərək Nizami Gəncəvinin həyatı, onun dünya ədəbiyyatına bəxş etdiyi “Xəmsə”si barədə danışdılar.

Görüşün bədii hissəsində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinin (bədii rəhbər və dirijor, Respublikanın Əməkdar artisti Elçin Elçiyev) musiqi qrupu, filarmoniyanın solisti Azər Verdiyevin ifasında Nizami Gəncəvinin qəzəlləri daxil olmaqla xalq mahnılarını təqdim etdi.

Görüşdə Samux rayonu Eltun İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbinin şagirdləri Nizami Gəncəvinin qəzəllərini, hikmətli sözlərini söylədilər, şagirdlərin ifasında Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından “Kərpickəsən kişinin dastanı” hekayəsi təqdim olundu.

AMEA-nın Fizuli adına Əlyazmalar İnstitutu elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə özü ilə gətirdiyi və Nizami Gəncəviyə həsr olunmuş kitabları; Əzizağa Nəcəfzadənin “Xəvərnəq qəsri. Tarixi və bədii həqiqət”, Teymur Kərimlinin “Nizami və tarixi”, M.S.Ordubadinin “Nizami, həyatı və mühiti”, Məmməd Ələkbərovun “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı”, kitablarını AMEA-nın Nizami Gəncəvi ilə bağlı bu il çap olunan nəsrlərini Nizami Gəncəvi Muzeyinə təqdim etdi.

Görüşün sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tədbirdə iştirak edənlərin hər birinə öz səmimi minnətdarlığını bildirdi və qeyd etdi ki, regional idarənin dəstəyi və təşkilatçılığı ilə Nizami Gəncəvinin doğma yurdu Gəncədə keçirilən hər tədbir yüksək səviyyədə təşkil olunur və ilin sonunadək silsilə tədbirlər davam edəcəkdir.