Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncədə 18 sentyabr Milli Musiqi Gününə həsr olunmuş ümumşəhər konsert təşkil olundu

18.09.2021

17.09.2021-ci il Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Filarmoniyanın həyətində yerləşən açıq tipli yay səhnəsində 18 sentyabr Milli Musiqi Gününə həsr olunmuş ümumşəhər konsert proqramı təqdim olundu.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun dəvəti ilə konsertə gələn, Gəncə şəhər İcra Hakimiyyətinin rəsmiləri: Azər İbrahimov, Kamran Məhərrəmov, Dini Qurumlar üzrə Dövlət Komitəsinin Gəncə Regional bölməsinin rəisi Həsən Məmmədov, Gəncə şəhər Cavad xan Tarix Mədəniyyət Fondun vitse-prezidenti Müzadil Həsənov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, uşaq musiqi, incəsənət məktəblərinin direktorlarının və digər şəhər ziyalılarının iştirak etdiyi tədbirdə əvvəlcə II Qarabağ Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirin aparıcısı Filarmoniyanın artisti Mirqasım Əliyev dahi Azərbaycan bəstəkarı, milli operamızın banisi, musiqişünas, pedaqoq, publisist Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə məlumat verdi.

Sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktor əvəzi, Respublikanın Əməkdar artisti Elçin Elçiyevin rəhbərliyi ilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər Sahil Quliyev, baletmeyster Sənan Cavadov) konsert proqramını təqdim etdi. Konsert ansamblın ifasında “Cahargah rəngi” ilə başladı.

Gəncə Dövlət Filarmoniyasının solisti Respublikanın Əməkdar artisti Kəmalə Tağızadə Üzeyir Hacıbəylinin, Nizami Gəncəvinin sözlərinə yazdığı “Sənsiz” romansını, solistlər Samir Məmmədov “Sevgili canan” romansını, Xəyal Əliyev isə “Qara göz” mahnısını ifa etdilər.

Gəncə Dövlət Filarmoniyasının rəqs ansamblı “İgidlər” rəqsini, Filarmoniyanın uşaqlardan ibarət “Xəmsə” rəqs qrupu isə “Çobanlar” rəqsini təqdim etdilər.

Filarmoniyanın solisti Şirxan Cahangirov Əlibaba Məmmədovun “Səni gözlər” mahnısını, onun yetirmələri Elgün Bəndəlov və Əli Hüseynov “Qarabağ şikəstəsini” təqdim etdilər.

Filarmoniyanın solistləri İlham Qasımov Əlibaba Məmmədovun “Yaşa ürəyim” mahnısını, Azər Verdiyev isə Bəhram Nəsibovun “Qarabağ” mahnısını ifa etdilər.

Respublikanın Xalq artisti Şahnaz Həşimova “Göygölə gəl” xalq mahnısı ilə konsertə yekun vurdu.

Sonda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tədbir iştirakçılarını 18 sentyabr Milli Musiqi Günü münasibəti ilə təbrik etdi, konsertin musiqi heyətinə öz minnətdarlığını bildirdi.