Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

GƏNCƏSƏNƏT - incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkasının açılışı olub

19.09.2021

19 sentyabr 2021-ci il tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Gəncə İctimai İştirakçılıq Məclisinin, Gəncə Destinasiya Menecmenti Təşkilatının birgə təşkilatçılığı, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun, “Sahibkar Qadınlar” və “Gəncə Maarif Evi” ictimai birliklərinin tərəfdaşlığı, Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə "GƏNCƏSƏNƏT" - Gəncə incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası təşkil olunub.

Gəncə Dövlət Filarmoniyasının yaxınlığındakı Urban Mərkəzində baş tutan açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Millət vəkilləri Müşfiq Cəfərov və Pərvin Kərimzadə, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gəncə Destinasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramov, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev, Kiçik Orta Biznesin İnkişaf Agentliyinin Gəncə-Qazax Koordinatlığın Gəncə Bölməsinin koordinatoru Anar Əliyev, şəhər ziyalıları və başqaları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə Dövlət Dram Teatrının aktyoru, qocaman səhnə ustası, Xalq artisti Alim Məmmədov dahi Azərbaycan şairi Nizami Gəncəvinin obrazı ilə tədbir iştirakçılarını salamladı və Nizami Gəncəvinin hikmətli fikirərini təqdim etdi.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Millət vəkili Müşfiq Cəfərov, Gəncə Destinasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramov, Kiçik Orta Biznesin İnkişaf Agentliyinin Gəncə-Qazax Koordinatlığın Gəncə Bölməsinin koordinatoru Anar Əliyev çıxış etdilər.

Çıxışlarda qeyd olunub ki, Gəncə tarixən mədəniyyət beşiyi hesab edilir. Burada hələ qədim dövrlərdən xeyli sayda sənətkarlar fəaliyyət göstərib, müxtəlif sənətkarlıq və incəsənət növləri inkişaf edib. Hazırda Gəncə şəhəri və ümumilikdə Qərb regionunda incəsənət və sənətkarlıq nümunələrinin satış-sərgi məkanının olmaması bu sahəyə olan marağın azalmasına gətirib çıxarıb.

Sərgi-yarmarkanın həyata keçirilməsinin əsas məqsədi vaxtı ilə Gəncədə, eləcə də ətraf bölgələrdə mövcud olmuş, bugünki dövrə gəlib çatmamış və ya çox az sayda sənətkar tərəfindən qorunub saxlanan bir sıra sənət ənənələrinin dirçəldilməsi və yaşadılmasıdır. Bununla yanaşı sərgi-yarmarka alıcılarla sənətkarlar arasında körpülərin salınmasına, yaradıcılıqla məşğul olanlar arasında inkişaf yönümlü dialoqun qurulmasına, əhalidə sənətkarlıq və incəsənətə olan marağın artırılmasına, müxtəlif istiqamətli sənət növlərinin yaşadılması və inkişafına, eləcə də şəhərin mədəni həyatının canlandırılmasına xidmət edir.

GƏNCƏSƏNƏT - incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkasında Gəncə şəhəri, Qəbələ, Tovuz, Şəmkir rayonlarında yaşayan 70-dən çox sənətkarlara, rəssamlara aid bir çox növdə sənətkarlıq və rəngkarlıq nümunələri, həvəskar şəkildə yaradıcılıqla məşğul olan şəxslərin müxtəlif janrlarda əl işləri, həmçinin Gəncə mətbəxinin nümunələri təqdim olunub.

Tədbirin bədii hissəsini F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının muğam üçlüyü (bədii rəhbər Respublikanın Əməkdar artisti Elçin Elçiyev) və Gəncə Dövlət Kamera Orkestrinin kvarteti (dirijor Respublikanın Xalq artisti Rafael Bayramov) təqdim etdi.

GƏNCƏSƏNƏT - incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası şəhər əhalisinin və şəhərə gələn qonaqların böyük marağına səbəb oldu.

İki gün davam edəcək sərgi-yarmarkanın gələcəkdə mütəmadi şəkildə keçirilməsi planlaşdırılır.