Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhərində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert təşkil olunub

23.09.2021

2021-ci ilin sentyabr ayının 22-də Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının təşkilatçılığı, Gəncə Regional Mədəniyyət İdarəsinin və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə ölkəmizdə sentyabr ayının 18-24 tarixlərində ənənəvi Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının konserti Gəncəlilərə təqdim edilib.

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan konsertdə əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda, eləcə də 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək olan 44 günlük II Qarabağ Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Gəncə şəhər İcra Hakimiyyətinin Başçısının müavini Adil Tağıyev konsert iştirakçılarını və qonaqları şəhər İcra Hakimiyyətinin Başçısı cənab Niyazi Bayramovun adından salamladı.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edərək mədəniyyət, incəsənət işçiləri adından konserti təşkil edənlərə təşəkkür etdi və F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının kollektivini salamladı. O qeyd etdi ki, Üzeyir Hacıbəylinin xatirəsinə XIII Beynəlxalq Musiqi Festivalı, ölkə rəhbəri möhtərəm cənab Prezidentimizin 05 yanvar 2021-ci il tarixli Sərəncamı ilə elan olunmuş Nizami Gəncəvi ilinə təsadüf etmişdir. Biz gəncəlilər üçün dahi Azərbaycan şairi Nizami Gəncəvi və dahi bəstəkarımız Üzeyir Hacıbəylinin xatirəsi əzizdir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov öz çıxışında XIII Beynəlxalq Musiqi Festivalının ilk konsertinin işğaldan azad olunmuş Mədəniyyət Mərkəzimiz Şuşada keçirilməsini xüsusi vurğuladı. O, festival çərçivəsində konsertlərin Bakıda, Ağdamda, Gəncədə keçirilməsini bildirdi.

Bakı Musiqi Akademiyasının sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, musiqişünas Xatirə Həsənzadə bu il keçirilən Beynəlxalq Musiqi Festivalının çox əlamətdar olduğunu diqqətə çatdırdı.

Sonra F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının konserti (bədii rəhbər və dirijor, Xalq artisti Ağaverdi Paşayev) təqdim olundu.

Konsertdə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından kompozisiyanı Əməkdar artist İlkin Əhmədov və Rəvanə Əmiraslanova, Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə yazdığı “Sənsiz” romansını xanəndə Kazım Nicat Fəxri, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülcöhrənin ariyasını Nərgiz Kərimova, həmin operettadan “Telli və Vəlinin” duetini Beynəlxalq müsabiqələr qalibi Taleh Yahyayev və Əməkdar artist Almaz Orucova təqdim etdilər.

Konsertdə Xalq rəqslərini Mahnı və Rəqs Ansamblı (baletmeyster Əməkdar artist Ceyhun Qubadov) təqdim etdi.

Konsertdə “Qarabağ” şikəstəsi sürəkli alqışlarla qarşılandı.

Konsert, musiqisi Müslüm Maqomayevə, sözləri Nəbi Xəzriyə məxsus olan məşhur “Azərbaycan” mahnısı ilə (ifaçı Taleh Yahyayev) sona çatdı.

XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Gəncədə baş tutan konsertdən razı qaldıqlarını bildirən Gəncəlilər bütün təşkilatçılara öz səmimi minnətdarlıqlarını bildirdilər.

Konsert Filarmoniyanın böyük konsert salonunda mövcud karantin rejimi qaydalarına uyğun olaraq maskadan istifadə və məsafə saxlanılmaqla təşkil olundu.